Patrik Vieyra Premyer Liqa klubundan qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasının baş məşqçisi Patrik Vieyra istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Sonuncu dəfə 2022-ci ilin 31 dekabrında “Bornmut”a səfərdə 1:0 hesabıyla qalib gəlmiş “Kristal Pelas” bu il 3 xala həsrətdir. Komanda bu il keçirdiyi 12 oyunda 7 məğlubiyyətə üzülüb və cəmi 5 heç-heçəyə imza atıb. Son üç oyunda ardıcıl məğlubiyyətlər isə klub rəhbərliyinin səbr kasasını daşırıb. Onlar çıxış yolunu məhz Vieyranı istefaya göndərməkdə görüblər.

“Kristal Pelas” bu mövsüm Premyer Liqada 27 oyuna 6 qələbə qazanıb, 9 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Komanda hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Patrik Vieyra 2021-ci ilin iyul ayından “Kristal Pelas”da işləyirdi. O, bu komandanı bütövlükdə 74 oyuna çıxarıb. Bu görüşlərdə 22 qələbə, 24 heç-heçə və 28 məğlubiyyət qeydə alınıb. Əslən Seneqaldan olan 46 yaşlı fransalı mütəxəss daha öncə “Nitsa”, “Nyu York Siti”yə də rəhbərlik edib, “Mançester Siti”nin akademiyasında çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: