Bakıda “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək yoldaşlıq oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşmanın baş hakimi Əliyar Ağayev təyin olunub. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Xatırladaq ki, Azərbaycan və Türkiyə çempionatlarının liderləri – “Qarabağ” və “Qalatasaray” komandaları yoldaşlıq oyunu martın 26-da keçiriləcək. Komandalar Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. Xeyriyyə məqsədi daşıyan oyuna saat 20:00-da start veriləcək. Yoldaşlıq matçından əldə olunacaq gəlirin hamısı Türkiyədəki zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacaq.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Azərbaycan Premyer Liqasında 27 oyuna topladığı 71 xalla vahid liderdir. “Qalatasaray” da Türkiyə Super Liqasında 25 oyuna 60 xalla ilk pillədə qərarlaşıb.


