AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Lixtenşteynlə oyun portuqaliyalı hücumçu Kristiano Ronaldo üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu doğma meydanda 4:0 hesablı qələbəyə sevindikləri bu oyunda yeni rekorda imza atıb.
Belə ki, Ronaldo milli komandaların heyətində ən çox oyun keçirən futbolçuya çevrilib. Lixtenşteynlə görüş hücumçu üçün beynəlxalq karyerasında 197-ci matç olub. Bu göstəriciyə görə o, dünya rekordçusudur.
Ronaldo millidə keçirdiyi oyun sayına görə Küveyt yığmasının üzvü Bader Əl-Mutavanı geridə qoyub. O, Küveyt milli komandasında 196 oyun keçirib. “Əl-Qadisiya”nın 38 yaşlı forvardı bu görüşlərdə 56 qol vurub.
Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən Kristiano Ronaldo milli komandadakı ilk matçına 2003-cü ildə Qazaxıstanla görüşdə çıxıb. O, həmin vaxt Luis Fiqonun əvəzində meydana buraxılıb. Portuqaliyalı ulduz millidəki ilk qolunu isə 8-ci matçında – Yunanıstanla görüşdə vurub. Ötən il isə o, millidə vurduğu qol sayını 109-a çatdıraraq İran yığmasının Azərbaycan əsilli hücumçusu Əli Daeini geridə qoyub və dünya rekordçusuna çevrilib. Hazırda təcrübəli hücumçunun hesabında 120 qol var.
Ronaldo bu ilin əvvəlindən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 9 qol vurub. Portuqaliya yığmasının lideri daha öncə Lissabon “Sportinq”ində, Madrid “Real”ında, “Mançester Yunayted” və “Yuventus” kimi klublarda da forma geyinib. O, oynadığı klubların hər birində müxtəlif rekordlara və ilklərə imza atıb.


