Siyanda Xulu 90, Terrens Tisdell 68 dəqiqə oynadı – Afrikada

“Turan Tovuz”un müdafiəçisi Siyanda Xulu və “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdell Afrikada bir-birinə rəqib olublar. Arena.az xəbər verir ki, onların ölkələrinin yığma komandaları Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində üz-üzə gəliblər.

Belə ki, Siyanda Xulunun heyətində yer aldığı Cənubi Afrika millisi doğma meydanda Terrens Tisdellin formasını geyindiyi Liberiya yığması ilə qarşılaşıb. Yohannesburq şəhərindəki “Orlando” stadionunda baş tutan qarşılaşmada qapılara 4 top vurulub. 11 və 22-ci dəqiqələrdə vurulan qollarla önə keçən Siyandanın komandası bu üstünlüyü qoruya bilməyib. 68-ci dəqiqədə hesaba tarazlıq gətirən Tisdellin komandası 90+1-ci dəqiqədə də məğlubiyyətdən xilas olub.

Azərbaycan Premyer Liqasının iştirakçısı olan futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıb. Terrens isə 68-ci dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, məhz onu əvəz edən Tonia Tisdell meydana çıxan kimi – 68-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. İkinci qolda isə o, məhsuldar ötürmə ilə yadda qalıb.

Bu komandalar martın 28-də növbəti dəfə qarşılaşacaqlar. Lakin tərəflər bu dəfə Monroviyada üz-üzə gələcəklər.

İki turdan sonra Liberiya və Cənubi Afrika yığmaları yer aldıqları K qrupunda 1 xalla ikinci və üçüncü pillələri bölüşürlər. Hər iki komandanı məğlub etmiş Mərakeş yığması isə 6 xalla qrup lideridir.

Xatırladaq ki, Siyanda Xulu 2012-ci ildən Cənubi Afrika millisinə çağırılır. O, millidə 19 oyuna çıxıb və 1 qol vurub. Təcrübəli futbolçu “Turan Tovuz”a 2022-ci ilin avqust ayında qoşulub. O, Premyer Liqa təmsilçisinin heyətində 20 matça çıxıb.

Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlamış afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi “Turan Tovuz”dan öncə İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub.

Terrens Tisdell isə 2019-cu ildən Liberiya millisində forma geyinir. O, millidə 14 oyun keçirib, 1 qol vurub. Yarımmüdafiəçi bu mövsümün əvvəlindən formasını geyindiyi “Sumqayıt”da da 9 oyunda 1 qola imza atıb. Futbolçu “Hapoel” (Petah Tikva), “Kocaelispor”, “Botoşani”, “Baroka” və “Kosta do Sol” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: