“Trabzonspor”un 18-ci prezidenti bəlli oldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubunun yeni prezidenti bəlli olub. Arena.az xəbər verir ki, bu vəzifəyə Ertuğrul Doğan seçilib.

O, Qara dəniz təmsilçisinin 18-ci prezidenti olub. Yeganə namizəd olan Doğan bu postda bir müddət öncə istefa vermiş Ahmet Ağaoğlunu əvəzləyib. O, 20 ay müddətinə Trabzon klubuna rəhbərlik edəcək.

Xatırladaq ki, Ertuğrul Doğan 1977-ci ildə məhz Trabzonda anadan olub. “Doğan Yatırım Holding”in rəhbəri olan 46 yaşlı iş adamı 2018-ci ildən “Trabzonspor”da müxtəlif vəzifələrdə çalışırdı. 2020-ci ildə klub prezidentinin köməkçisi təyin olunan Doğan, 2021-ci ildən də vitse-prezident kimi fəaliyyət göstərirdi.

Klubun əvvəlki prezidenti Ahmet Ağaoğlu 2018-ci ildən “Trabzonspor”un prezidenti postunda çalışırdı. Trabzon klubu 1982/83 mövsümündən sonra ilk dəfə ötən mövsüm onun rəhbərliyi altında Türkiyə Super Liqasının qalibi adını qazanmışdı. 65 yaşlı iş adamının istefasına klubun artan maliyyə problemləri, eləcə də komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilir. Ağaoğlu yeni rəhbərliyin bu problemləri aradan qaldıracağına inamını ifadə edib. O, hər kəsi yeni seçiləcək rəhbərliyə dəstək olmağa çağırıb.

Ahmet Ağaoğlunun istefasından sonra komandanın baş məşqçisi Abdullah Avcı da postundan ayrıldığını elan edib. Klubun yeni rəhbərliyinin ilk işi məhz komandanın baş məşqçi postuna təyinat olacaq.

Bu mövsüm Türkiyə Super Liqasında 25 oyun keçirmiş Trabzon təmsilçisi bu oyunlarda 13 qələbə qazanıb, 5 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Son çempion hazırda 44 xalla 19 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: