Tahir Gözəl “Qalatasaray”ın təşəkkür məktubuna cavab verdi

“Qarabağ”ın prezidenti Tahir Gözəl Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbəkin təşəkkür məktubuna cavab verib. Arena.az xəbər verir ki, Ağdam klubunun rəhbərinin cavab məktubu “Qarabağ”ın “Twitter” hesabında paylaşılıb.

Paylaşımda bunlar qeyd olunub: “Sevgili “Qalatasaray” camiəsi, dəyərli prezident, dostum Dursun bəy!

Sizi, çox dəyərli idarə heyəti üzvlərinizi və digər klub rəsmilərinizi qonaq etməkdən çox şərəf duyuruq. Prezidentimiz cənab İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın şərəfləndirdiyi qardaşlıq matçında stadionumuzu dolduran 62 min 500 tamaşaçımızla Azərbaycan – Türkiyə qardaşlığını, həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdik. Gəlirləri zəlzələdən əziyyət çəkmiş vətəndaşlara yardım olaraq göndərəcək təşkilatımızın acılarınızı bir az da olsa, yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Azərbaycan və Türkiyənin iki görkəmli komandasının ən qısa zamanda yenidən bir araya gəlməsi arzusu ilə, Tahir Gözəl. “Qarabağ”ın prezidenti”.

Xatırladaq ki, ötən gün “Qalatasaray”ın prezidenti Dursun Özbək də Azərbaycanda təşkil olunmuş bu oyuna görə “Qarabağ”a və ölkəmizə təşəkkür məktubu ünvanlamışdı: “Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”a qarşı keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşğulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram. Hörmətlə, Dursun Özbək”.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Matçın 4-cü dəqiqəsində Türkiyə təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində Ağdam təmsilçisinin albaniyalı hücumçusu Redon Cica hesabı bərabərləşdirib. “Sarı-qırmızılar” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, xeyriyyə matçı Türkiyə nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: