Dursun Özbək: “Bakıda bizi çox yaxşı qarşıladılar”

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək növbəti dəfə Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyunu barədə danışıb. Arena.az xəbər verir ki, o, İstanbul təmsilçisinin rəhbər şəxsləri və iş adamları üçün təşkil olunmuş iftar zamanı Azərbaycanda gördükləri böyük diqqətdən bəhs edib:

“Ötən həftə sonu Azərbaycanda bir dostluq matçı keçirdik. Orada çox böyük maraq gördük. Buradan bütün azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və “Qarabağ”ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar. Bu matçla Türkiyə – Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik”.

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Matçın 4-cü dəqiqəsində Türkiyə təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində Ağdam təmsilçisinin albaniyalı hücumçusu Redon Cica hesabı bərabərləşdirib. “Sarı-qırmızılar” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, xeyriyyə matçı Türkiyə nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısı qısa müddətdə satılmışdı. Bundan başqa, teleyayım və reklam gəlirlərinin də hamısı qardaş ölkəyə göndəriləcək.

“Qalatasaray”ın prezidenti Dursun Özbək daha öncə bu oyuna və qonaqpərvərliyə görə “Qarabağ”a və Azərbaycana təşəkkür məktubu da ünvanlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: