“Sabah” – Çempionatımızın 19-cu mükafatçısı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci mükafatçısı ötən gün ən azı “bürünc”ü təmin edən “Sabah” oldu. Arena.az xəbər verir ki, 27-ci turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca paytaxt klubunun da mükafatçılar sırasında yer alacağı dəqiqləşdi.

“Qəbələ” ilə 28-ci turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin etdi.

Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.

“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb. “Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.

Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasında 28 oyuna 74 xal toplamış “Qarabağ” birinci pillədə qərarlaşıb. “Sabah” 65 xalla ikinci, “Neftçi” 57 xalla üçüncü, “Zirə” 38 xalla dördüncü, “Qəbələ” isə 36 xalla beşincidir. Sonrakı pillələrdə qərarlaşmış komandaların xal durumu belədir: “Turan Tovuz” – 28, “Kəpəz” – 25, “Sumqayıt” – 24, “Şamaxı” – 20, “Səbail” – 18.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün başa çatmasına 8 tur qalıb. İlk iki pillədəki komandalar artıq medalları təmin etsə də, onların əyarına sonrakı turlarda aydınlıq gələcək. Yekunda Ağdam klubunun qızıl, paytaxt təmsilçisinin isə gümüş medalları qazanacağı ehtimalı daha yüksəkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: