Futbol üzrə Argentina milli komandasının yarımmüdafiəçisi Rodriqo Battalya İspaniyanın “Malyorka” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu La Liqa təmsilçisini Braziliyanın “Atletiko Mineyro” klubuna dəyişib.
Bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar. “Atetiko Mineyro” bu transferə görə İspaniya klubuna 800 min avro ödəyib. Təcrübəli futbolçu yeni klubu ilə 2024-cü ilin 31 dekabrına kimi nəzərdə tutulmuş müqavilə bağlayıb.
Rodriqo Battalya 2021-ci ilin avqust ayından “Malyorka”da forma geyinirdi. O, bu komandanın heyətində 49 matça çıxıb. Argentinalı futbolçu daha öncə “Sportinq” (Lissabon), “Moreyrense”, “Hurakan”, “Alaves”, “Rasinq”, “Rosario Sentral”, “Çaves” kimi klubların da şərəfini qoruyub. Argentinanın U-20 yığmasında da oynamış yarımmüdafiəçi, əsas millidə cəmi 2 oyun keçirib.


