PFL rəsmən açıqladı: “Kəpəz” yenə Qəbələyə köçdü

Peşəkar Futbol Liqası (PFL) “Kəpəz”in Azərbaycan Premyer Liqasındakı növbəti iki ev oyununu Gəncədə keçirməyəcəyini açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti hazırda Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil. Bununla əlaqədar PFL “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişikliklər edib.

Dəyişikliyə əsasən, Gəncə təmsilçisi aprel ayındakı iki ev oyununu doğma arenada yox, Qəbələ şəhər stadionunda keçirəcək:

15 aprel
Kəpəz – Turan Tovuz
Qəbələ şəhər stadionu, 16:00.

29 aprel
Kəpəz – Sumqayıt
Qəbələ şəhər stadionu, 16:00.

Xəbərdə o da qeyd olunur ki, renovasiya işləri yekunlaşdıqdan sonra Peşəkar Futbol Liqası tərəfindən arenaya daha bir baxış keçiriləcək. Yalnız bundan sonra “Kəpəz”in 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə dair yekun qərar veriləcək.

Xatırladaq ki, “Kəpəz” bu mövsümün əvvəlindəki ev oyunlarını da Gəncə şəhər stadionunda yox, Bakı və Qəbələdə keçirmək məcburiyyətində qalmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: