Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Yunanıstan kubokunun yarımfinal mərhələsinin oyununu idarə edib. Arena.az xəbər verir ki, o, “Olimpiakos” və AEK komandaları arasında baş tutan cavab oyununda iş başında olub.
Qarşılaşma meydan sahibi olan Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Lakin ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzmuş “Olimpiakos” Yunanıstan kubokunda mübarizəni dayandırıb.
Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. 35 yaşlı ədalət təmsilçisi “Olimpiakos”dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb.
Azərbaycanlı hakim 27-ci dəqiqədə oyunu dayandıraraq, oruc tutan müsəlman futbolçuların iftarı açmalarına da şərait yaradıb. Qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol isə VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.
Xatırladaq ki, Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək ediblər. Elçin Məsiyev isə VAR-da iş başında olub.
Qeyd edək ki, əslində martın 1-də keçirilməli olan bu oyuna hakimlərimizin təyinatı fevralın 28-də açıqlanmışdı. Lakin oyundan bir neçə saat öncə Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası qarşılaşmanın təxirə salınmasına səbəb olmuşdu. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olmuş, 66 nəfər isə yaralanmışdı. Buna görə ölkə ərazisində üç günlük matəm elan olunmuşdu. Yunanıstan Futbol Federasiyası həmin günlərə təyin olunmuş bütün oyunların təxirə salınmasına qərar vermişdi.
Xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda yeddi oyuna təyinat alıb. O, “Olimpiakos”la AEK arasında 2022-ci il aprelin 3-də baş tutan qarşılaşmada (1:1) da fit çalıb. Bundan başqa, Ağayev “Veriya” – “Lamiya” 1:2 (11.06.2022), “Panathinaikos” – “Aris” 1:0 (01.05.2022), “Panathinaikos” – PAOK 3:0 (04.04.2021), “Atromitos” – AEL 1:1 (20.02.2021), “Panathinaikos” – PAOK 2:0 (02.02.2020), PAOK – “Atromitos” 3:0 (10.03.2019) matçlarını da idarə edib.


