Xorxe Sampaoli rəsmən “Flamenqo”da!

Son olaraq İspaniya La Liqasında mübarizə aparan “Sevilya”nı çalışdırmış Xorxe Sampaoli özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Argentinadan olan 63 yaşlı mütəxəssis bundan sonra Braziliyanın “Flamenqo” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2024-cü ilin 31 dekabrına kimi müqavilə imzalanıb.

Sampaoli “Flamenqo”nun baş məşqçi postunda portuqaliyalı mütəxəssis Vitor Pereyranı əvəz edib. Hansı ki, o, bir neçə gün öncə uğursuz nəticələrə görə istefaya göndərilib. 54 yaşlı mütəxəssis bu ilin yanvarında Braziliya klubunun baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 20 oyuna çıxarıb. “Flamenqo” bu görüşlərdə 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Vitor Pereyra “Flamenqo”dan öncə Braziliyada “Korintians”ı da çalışdırıb. O, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo” kimi komandalara da rəhbərlik edib.

Xorxe Sampaoli isə 2022-ci ilin oktyabr ayından çalışdırdığı “Sevilya”nı bu ilin martında tərk etmişdi. Onun da istefasına La Liqa təmsilçisinin uğurlu mövsüm keçirməməsi səbəb olub. Komanda Sampaolinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb.

Sampaoli daha öncə də “Sevilya”nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2016-cı ilin iyunundan 2017-ci ilin mayına qədər çalışdırdığı La Liqa təmsilçisini 53 matça çıxarıb. Əndəlusiya təmsilçisi bu görüşlərdə 27 qələbə qazanıb, 12 heç-heçə edib, 14 məğlubiyyətlə üzləşib. Argentinalı məşqçi karyerası ərzində “Atlletiko Mineyro”, “Olimpik” (Marsel), “Santos”, “Universidad de Çili”, “Emelek” kimi klublara, Çili və Argentina yığmalarına da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: