Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 12-ci turu çərçivəsində “Suvon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon Hana Sitizen” 12 turdan sonra topladığı 21 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 10 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 1 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.


