Mirabdulla Abbasov “Neftçi”dən bütün borcunu aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” ilə sabiq futbolçusu Mirabdulla Abbasov arasındakı mübahisəli məsələyə son qoyulub. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 28 yaşlı hücumçunun paytaxt klubuna qarşı tələbinin təmin olunduğunu açıqlayıb. Xəbərdə bunlar qeyd olunub:

“1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2022-ci ilin sentyabr ayında bu klubdan ayrılaraq “Səbail”ə keçib. Lakin hücumçu “ağ-qaralar”dan bütün məvacibini almadığı üçün AFFA-ya şikayət ünvanlamışdı.

Mirabdulla “Neftçi” karyerası ərzində 111 oyuna çıxıb, 21 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub. O, “Səbail”də də 32 oyuna 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Abbasov Azərbaycanda “Sumqayıt”ın da uğurları üçün çalışıb – 27 oyun, 8 qol və 2 asist. Bundan başqa o, Latviyada “Dauqavpils” komandasında legioner həyatı da yaşayıb. Mirabdulla bu komandada 10 oyuna çıxsa da, məhsuldar nəticəsi olmayıb. Hücumçu Azərbaycan milli komandasında da 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: