Siyanda Xulu “Turan Tovuz”dan gedir? – “Başqa təkliflərim var”

Turan Tovuz”un Cənubi Afrikadan olan müdafiəçisi Siyanda Xulu əyalət təmsilçisindəki gələcək taleyi barədə danışıb.

Arena.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi “Citizen.co.za” saytına açıqlamasında hələ karyerası ilə bağlı yekun qərar vermədiyini bildirib:

“Növbəti mövsüm “Turan Tovuz”a qayıtsam, maraqlı olar. Çünki ora xoşuma gəlir, rəqabətli liqa var. Azərbaycan çempionatına daimi oynamaq üçün yollanmışdım. Maraqlı mübarizəyə şahidlik etdim. Gələcəklə bağlı hələ qərarımı verməmişəm. “Turan Tovuz”da qalmaq istərdim, amma başqa təkliflərim də var. Həm bu klubla, həm də digər təkliflərlə bağlı danışıqlar davam edir”.

Xatırladaq ki, Siyanda Xulu “Turan Tovuz”a 2022-ci ilin avqustunda cəlb olunmuş və bir mövsümlük müqavilə bağlamışdı. Onun Tovuz klubu ilə sözləşməsinin müddəti bu ayın sonunda bitir.

Siyanda 2022/2023 mövsümündə “Turan Tovuz”un heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.

Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlamış afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi “Turan Tovuz”dan öncə İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub. Siyanda 2012-ci ildən Cənubi Afrika millisinə çağırılır. O, millidə 20 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Turan Tovuz”da hələlik Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev və Ayxan Hüseynovla yeni müqavilə imzalandığı açıqlanıb. Henri Okebuqvunun isə komandanı tərk edəcəyi dəqiqləşib. Digər oyunçularla bağlı qeyri-müəyyənlik davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: