“Neftçi”nin yarımmüdafiəçisi “Qəbələ”yə keçə bilər

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli paytaxt klubundakı gələcək aqibətinin necə olacağını hələ də müəyyənləşdirməyib.

Arena.az-ın əldə etdiyi məlumata görə, paraqvaylı futbolçunun bu yay “ağ-qaralar”la yollarını ayırması ehtimalı yaranıb.

Məsələ burasındadır ki, Meza Kollinin klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Paytaxt təmsilçisi isə hələ onu heyətdə saxlamaq üçün heç bir addım atmayıb. Amma onun “Neftçi”ni tərk edəcəyi də tam dəqiqləşməyib.

Bu durumdan “Qəbələ” yararlanmaq istəyir. Azərbaycan Kubokunun qalibi, Avropa Konfrans Liqasında mübarizə aparacaq bu komandanın məşqçiləri yaxından tanıdıqları bu oyunçunu Qəbələyə aparmaq istəyirlər. Düzdür, hələlik əyalət klubu futbolçuya rəsmi təklif irəli sürməyiblər. Amma “Qəbələ”də Sezarın azad agent kimi heyətə cəlb olunması əsas variantlardan biri hesab olunur.

Xatırladaq ki, “Neftçi”nin yarımmüdafiəçisi 2021-ci ildən bu klubun uğurları üçün çalışır. 31 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində 55 oyun keçirib, 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Sezar daha öncə Azərbaycanda “İnter” (indiki “Şamaxı”) və “Zirə”nin də formasını geyinib. O, “Çezena”, “Alaves”, “Paviya”, “Universitatya” (Krayova) kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: