Edin Dzeko “İnter”i “Fənərbaxça”ya dəyişdi – Rəsmi

Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzeko son iki ildə formasını geyindiyi İtaliyanın “İnter” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 37 yaşlı forvard Türkiyənin “Fənərbaxça” klubuna transfer olunub.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Bosniyalı hücumçunun yeni klubunda ilinə 4 milyon 200 min avro qazanacağı diqqətə çatdırılıb. Təcrübəli futbolçu Türkiyə nəhəngində 9 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Dzeko “İnter”dən azad agent qismində ayrılıb. Bosniyalı hücumçunun İtaliya klubu ilə müqaviləsinin müddəti bitib və tərəflər yeni sözləşmə imzalamaq istəməyiblər.

Dzeko 2021-ci ilin avqustunda “Roma”dan “İnter”ə gəlmişdi. O, 2022/2023 mövsümündə “neradzurri”nin heyətində 52 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə edib, komandası ilə İtaliya Kubokunu və Super Kubokunu qazanıb. Bütövlükdə isə hücumçu bu komandada 101 matçda 31 qol və 15 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı Edin Dzekonu 4 milyon avro məbləğində qiymətləndirir.

Edin Dzeko “Volfsburq” (142 oyun, 85 qol, 35 assist), “Mançester Siti” (189 oyun, 72 qol, 38 assist) və “Roma” (260 oyun, 119 qol, 54 assist) kimi klublarda çıxış edib. 37 yaşlı hücumçu 1 dəfə Bundesliqanı, 2 dəfə İngiltərə Premyer Liqasını qazanıb. Bundan başqa Dzekonun muzeyində İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku, o cümlədən 2 İtaliya Kuboku və eynisayda İtaliya Super Kuboku var. 2022/2023 mövsümündə futbolçu UEFA Çempionlar Liqasının gümüş mükafatçısı olub.

Dzeko Bosniya və Herseqovina yığmasında keçirdiyi oyunların (129) və vurduğu qolların (64) sayına görə mütləq rekordçudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: