Geridə qalan mövsüm bitən kimi “Qəbələ”dən ayrılmağa qərar verən İsnik Alimi bundan sonra Rumıniyada forma geyinəcək.
Arena.az xəbər verir ki, “Qəbələ”nin yeni müqavilə təklifini qəbul etməyən albaniyalı mərkəz yarımmüdafiəçisi “Sepsi”ni üstün tutub.
Onun bu kluba keçidini Rumıniya təmsilçisinin mətbuat xidməti rəsmən açıqlayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Alimini heyətində görmək istəyən klublar arasında Azərbaycan Premyer Liqasının digər təmsilçiləri – “Zirə” və “Neftçi” də vardı. Amma o, yenidən Azərbaycanda oynamaq istəmədiyi üçün fərqli qərar qəbul edib.
Xatırladaq ki, İsnik Alimi “Qəbələ”yə 2021-ci ilin iyun ayında İtaliyanın “Atalanta” klubundan ayrılaraq gəlmişdi. 29 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 73 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Rimini”, “Viçentsa”, “Forli”, “Lumetsane”, “İmoleze”, “Şibenik”, “Kyevo”, “Ohrid Lihnidos”, “Maserateze” kimi klublarda da forma geyinib.
Şimali Makedoniyada dünyaya göz açmış İsnik, bu ölkənin U-19 yığmasında forma geyinsə də, sonradan Albaniyanın U-21 millisində çıxış edib.


