“Qəbələ” daha iki futbolçusu – yarımmüdafiəçi İsnik Alimi və müdafiəçi Ruan Renato ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub müqaviləsinin müddəti bitən Ruan və İsniklə yollarını ayırıb. “Qəbələ” Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Xatırladaq ki, İsnik Alimi “Qəbələ”yə 2021-ci ilin iyun ayında İtaliyanın “Atalanta” klubundan ayrılaraq gəlmişdi. 29 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 73 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Rimini”, “Viçentsa”, “Forli”, “Lumetsane”, “İmoleze”, “Şibenik”, “Kyevo”, “Ohrid Lihnidos”, “Maserateze” kimi klublarda da forma geyinib.
Şimali Makedoniyada dünyaya göz açmış İsnik, bu ölkənin U-19 yığmasında forma geyinsə də, sonradan Albaniyanın U-21 millisində çıxış edib.
İsnik Aliminin yeni iş yeri də məlumdur. O, bundan sonra Rumıniyanın “Sepsi” klubunun uğurları üçün çalışacaq.
Ruan Renato da “Qəbələ”yə 2021-ci ilin avqustunda azad agent kimi gəlmişdi. 29 yaşlı müdafiəçi bu komandada 72 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Braziliyalı oyunçu daha öncə “Ponte Preta”, “Fiqeyrense”, “Yuventude”, “Austriya” (Vyana), “Vitoriya” və “Botafoqo” kimi klubların da uğurları üçün çalışıb.
Renatonun isə “Zirə”yə keçməsi gözlənilir. Paytaxt klubunun braziliyalı futbolçunun transferini bitirmək üzrə olduğunu daha öncə xəbər vermişdik.


