Avropa Oyunları: Boks yığmamızın daha 3 üzvü 1/4 finalda!

Polşanın Krakov şəhərində təşkil olunmuş sayca üçüncü Avropa Oyunlarında boks üzrə mübarizə də davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha beş üzvü rinqə çıxıb.

Onlardan ikisi üçün mübarizə uğursuz yekunlaşıb. Belə ki, qadın boksçularımızdan Aynur Rzayeva (75 kq) 1/8 finalda Almaniya təmsilçisi İrina Şoenbergerə uduzub. Anaxanım İsmayılova (50 kq) isə 1/8 finalda Rita de Pinyo Soares (Portuqaliya) ilə dueldən məğlub ayrılıb. Hər iki boksçumuz üçün mübarizə yekunlaşıb.

Digər üç boksçumuz isə günü qələbə ilə başa vurub. Sərxan Əliyev (71 kq) 1/8 finalda dünya çempionatının mükafatçısı Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib. İlk görüşündə Mixal Takacsi (Slovakiya) mübarizədən kənarlaşdıran Əliyev yenə rinqdən qalib ayrılıb. O, Madiyevi 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edib.

Məhəmməd Abdullayev (+92 kq) 1/8 final çərçivəsində Nikoloz Beqadzeni (Gürcüstan) sınağa çəkib. Startda Uğur Aydemiri (Türkiyə) məğlub edən dünya çempionatının mükafatçısı ikinci görüşünü də xeyrinə bitirib və mərhələ adlayıb. Məhəmməd 1/4 finalda yunanıstanlı Stilianos Pouliasla döyüşəcək.

Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) isə 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb. Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da, Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb. Ötən gün Murad Allahverdiyev (80 kq) də bu hüquqa yiyələnmişdi.

Qeyd edək ki, boks üzrə 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: