Mərakeş yığmasının və İspaniyanın “Ponferradina” komandasının müdafiəçisi Sofian Çakla bundan sonra “Sabah”da forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Mərakeşli müdafiəçi Sofian Çakla paytaxt klubunun bu yay heyətinə qatdığı ilk legioner futbolçudur. “Ponferradina”dan azad agent kimi ayrılmış 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Çakla “Ponferradina”ya bu ilin yanvarında qoşulmuşdu. O, bu komandada cəm 13 matça çıxıb. Müdafiəçi daha öncə İspaniyada “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeriya B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021) klublarında da forma geyinib. “Sabah”ın yeni transferi Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında da legioner həyatı yaşayıb. O, Mərakeş millisində 4 oyun keçirib.
Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.


