Avropa Oyunları: Murad Allahverdiyev üçün üçqat zəfər!

Boks üzrə Azərbaycan millisinin üzvü Murad Allahverdiyev Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.

Arena.az xəbər verir ki, bu gün boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib.

Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb. 80 kq çəkidə mübarizə aparan idmançımız Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib. Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

Murad yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.

Qeyd edək ki, bu gün boks yığmamızın daha 3 üzvü 1/4 final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: