Mislav Orşiç və Xoakin Fernandes rəsmən “Trabzonspor”da

“Sauthempton”un sol cinah vingeri Mislav Orşiç və “Valyadolid”dən ayrılan Xoakin Fernandes “Trabzonspor”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya klubundan azad agent kimi ayrılmış Xoakin Fernandes Moreno Trabzon təmsilçisini əlavə xərcə salmayıb. İspaniyadan olan 27 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 2023/2024 mövsümündə 1,3 milyon, 2024/2025 mövsümündə isə 1,4 milyon avro qazanacaq.

Mislav Orşiç isə Trabzon klubu ilə 2+1 illik müqaviləyə imza atıb. “Trabzonspor” bu transferə görə “Sauthempton”a 2,4 milyon avro ödəyəcək. Xorvatiyadan olan 30 yaşlı vingerin özü isə yeni klubunda mövsümünə 1,6 milyon avro qazanacaq. O, qarşıdakı iki mövsümdə Super Liqa çərçivəsində bütövlükdə 40 oyuna çıxsa, müqaviləsindəki əlavə bir illik anlaşma avtomatik qüvvəyə minəcək. Belə olan halda futbolçu 2025/2026 mövsümündə 1,8 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, Xoakin “Almeriya”nın yetirməsidir. 27 yaşlı müdafiəçi 2018-ci ildən “Valyadolid”də çıxış edirdi. O, bu komandada 120 oyun keçirib, 5 qol və 1 assistlə yadda qalıb. İspan futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Orşiç isə “Sauthempton”a bu ilin yanvarında transfer olunmuşdu. O, İngiltərə Premyer Liqasını tərk edən bu komandada cəmi 5 oyun keçirib, fərqlənə bilməyib. Xorvat vinger karyerası ərzində “Dinamo” (Zaqreb), “İnker”, “Ulsan Hyundai”, “Jeonnam Draqons”, “Çelye”, “Çanqçun Yatay”, “Spetsiya” kimi klubların da formasını geyinib. O, Xorvatiya milli komandasında keçirdiyi 27 oyunda 2 qolla yadda qalıb.

Yeri gəlmişkən, “Trabzonspor” “Altınordu”nun 17 yaşlı qapıçısı Onuralp Çevikkanı da transfer etdiyini açıqlayıb. Trabzonlular bu transfer üçün İzmir klubuna 700 min avro təzminat ödəyəcəklər. Gənc qolkiperlə də 3 illik müqavilə imzalanıb. Qapıçı hər mövsümünə 300 min TL gəlir əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: