“Barselona”nın prezidenti Joan Laporta “Fənərbaxça”nın 18 yaşlı yarımmüdafiəçisi Arda Güləri transfer etməyə çalışdıqlarını təsdiqləyib.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
“Bu, çox gənc türk oyunçudur, doğrudur, skaut departamenti onu uzun müddətdir ki, izləyir. Avropanın bütün əsas klubları onu istəyirlər. Biz “Fənərbaxça” ilə danışıqlar aparırıq”, deyə Laporta bildirib.
Daha əvvəl “Barselona”nın idman direktoru Dekunun Arda Gülərlə şəxsi razılığa gəldiyi bildirilirdi. “Barselona”nın maliyyə problemləri səbəbilə bu yay transfer pəncərəsində Güləri transfer edə bilməyəcəyi üçün, sövdənin 2024-cü ildə baş tutacağı gözlənilir.
2022/2023 mövsümündə Gülər “Fənərbaxça”nın heyətində 35 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Arda Gülərin “Fənərbaxça” ilə cari müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Arda Gülər mətbuatda tez-tez “türk Messi” kimi təqdim edilir.


