Mahir Emreli qol vurdu, “Dinamo” bolqarlara qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Zaqreb təmsilçisi Bolqarıstanın ÇSKA 1948 komandası ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda Xorvatiya çempionu qələbə qazanıb – 3:2.

Mahir Emreli bu görüşə start heyətdə başlayıb. Komandasının ilk qolunu da 21-ci dəqiqədə azərbaycanlı hücumçu vurub – 1:0. İlk yarı elə bu hesabla bitib. Mahir isə fasilədə əvəzlənib. “Dinamo”nun digər qollarını Drmiç (49-cu dəqiqə) və Şpikiç (57-ci dəqiqə) vurublar.

Xatırladaq ki, geridə qalan mövsümün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirmiş Mahir, icarə müddəti bitdiyi üçün yenidən “Dinamo”nun düşərgəsinə qayıdıb. Onun yeni mövsümə bu komandada, yoxsa fərqli klubda başlayacağı hələ dəqiqləşməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: