“Neftçi”nin Braziliyadan olan hücumçusu Mateus Saldanya paytaxt klubunun “Youtube” telekenalına müsahibə verib.
Arena.az xəbər verir ki, o, “Zenit”ə keçmək istəməsi barədə Rusiya mətbuatında çıxan müsahibəsindən də söz açıb.
Saldanya sözlərinin düzgün anlaşılmadığını bildirib: “Fikirlərim təhrif olunub. Məndən “Zenit” barədə soruşdular, bildirdim ki, bu cür böyük klubda çıxış etmək hər bir futbolçunun arzusu olar. Dedim ki, hətta içi mən qarışıq, təklif gəlsə, orada oynamaq istəyərəm. Amma vurğuladım ki, “Neftçi” ilə müqaviləm var, hər şey bu klubdan asılıdır. Sadəcə, ortada anlaşmazlıq olub”.
Təlim-məşq toplanışını da dəyərləndirən 24 yaşlı forvard hazırlıq prosesindən maksimum yararlanmağa çalışdıqlarını söyləyib: “İstədiyimiz formanı bərpa etməliyik ki, ilk rəsmi oyunda qələbə qazanıb, mərhələ adlayaq”.
Xatırladaq ki, yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında mtəmsil edəcək “Neftçi” 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar” ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.
Mateus Saldanya bu ilin yanvarından “Neftçi”nin uğurları üçün çalışır. 23 yaşlı forvard indiyə qədər paytaxt klubunun heyətində meydana çıxdığı 20 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçu müqavilə ilə Çinin “JEF Yunayted Çiba” klubuna məxsusdur. O, “Neftçi”də icarə əsasında çıxış edir. Hücumçunun Azərbaycan təmsilçisi ilə icarə müqaviləsinin müddəti bu ilin sonuna – 31 dekabra qədərdir.


