Futbol üzrə Türkiyə millisinin və “Fənərbaxça”nın yarımmüdafiəçisi Arda Gülər İspaniya nəhəngi “Real”a (Madrid) transfer olunub.
Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.
Məlumatda “Real”ın 18 yaşlı Gülərlə 6 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzaladığı əksini tapıb.
Gülər madridlilərə dərhal qoşulacaq. Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. “Kral klubu” sabah – iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bəyan edib.
Daha əvvəl italyan jurnalist-insayder Fabrisio Romano “Real”ın Gülər üçün 20 milyon avro ödəyəcəyini bildirmişdi. Bundan başqa, “Fənərbaxça” Gülərin başqa kluba satılması halında daha 20 % pay alacaq. Üstəlik, digər bonuslar da sövdələşməyə daxil ediləcək.
Xatırladaq ki, daha əvvəl “Barselona”nın Gülərlə ciddi maraqlandığı, transferin mümkün olmadığı halda, futbolçunun icarəyə alınacağı deyilirdi. Həmçinin “Fənərbaxça” rəhbərliyinin “Barselona”ya transferə hazırladığı Gülərin “Real”a keçidi ilə əlaqədar futbolçuya qəzəbli olması haqda məlumat yayılmışdı.
Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə burada çıxış edib, daha sonra “Fənərbaxça”ya keçib. Gülər “Fənərbaxça”nın heyətində ümumilikdə 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Gənc futbolçu Türkiyə yığmasında ötən ilin noyabrında debüt edib. O, millidə 4 oyuna çıxaraq, 1 qol vurub.
“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Türkiyə mətbuatında Gülər “türk Messi” təxəllüsü ilə təqdim edilir.


