“Turan Tovuz” klubu bu yay yeni müqavilə bağladığı sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə yenicə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Bunun səbəbi açıqlanmayıb. Göstərdiyi xidmətlərə görə Şahverdiyevə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, “Turan Tovuz” ötən ayın 15-də Ehtiram Şahverdiyevlə 1 illik yeni müqavilə imzalandığını açıqlamışdı.
Ehtiram Şahverdiyev 2022-ci ilin iyul ayından “Turan Tovuz”da forma geyinirdi. Müdafiəçi Tovuz təmsilçisində 28 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Sumqayıt” və “Qəbələ”də oynayıb. Ehtiram Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Turan Tovuz” bu yay Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə də yollarını ayırmışdı. Əvəzində Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın və Martin Petkovu və Paçu kimi futbolçular transfer edilib.
Tovuz klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə imzalanıb.


