Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Azərbaycanlı forvard yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Ramil Şeydayev isə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil Ağdam klubunda bütövlükdə 116 oyuna çıxıb. Hücumçu bu oyunlarda 37 qol vurub, həmçinin 12 assist müəllifi olub. O, daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 55 oyuna çıxıb, 9 qola imza atıb.
Geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında vurduğu 22 qolla bombardir olan Şeydayevin “Buriram Yunayted”ə keçəcəyi hələ ötən mövsümün sonundan bəlli idi.






