Qaret Beyl: “Real”da məni bir insan kimi başa düşmürdülər”

Futbol üzrə Uels milli komandasının sabiq kapitanı Qaret Beyl “Real” karyerası zamanı qarşılaşdığı çətinliklərdən danışıb.

Arena.az “The Times”a istinadən Beylin bu xüsusda fikrini diqqətinizə çatdırır:

“İspaniya mətbuatının mənə bu qədər pis münasibət göstərməsinin səbəblərindən biri yəqin budur ki, səni qalaktiko kimi imzalayırlar. Hamı səndən hər yerdə olmanı gözləyir, hər şeyi edəcəksən, mən isə bunun tam əksi idim. Mən sadəcə futbol oynamaq və sonra qaranlıqda itmək istəyirdim.

Mən ispan dilində danışa bilirdim, amma istəmirdim, çünki sadəcə özəl, sakit həyat yaşamaq istəyirdim. Mən səs-küylə əhatə olunmaq istəmirdim. Bəlkə də bu səbədən mənə hücum edirdilər, çünki mən onlara heç vaxt çox şey verməmişəm. Yəqin ki, məni bir insan kimi başa düşmürdülər.

Mən Madrid üçün bu ağappaq formada oynamaq istəyirdim. Orada inanılmaz anlar yaşadım. Amma özümü tənha hiss etdiyim çətin anlarım da olub. Hamı mənim əleyhimə idi, fitə basırdılar. Xüsusilə bu, ilk dəfə baş verəndə. Mən çox gənc idim (Beylin o vaxt 24 yaşı vardı – red.), təzyiq və gözləntilərlə necə davranacağımı bilmirdim”, deyə Beyl “Real” haqda xatirəsini paylaşıb.

Xatırladaq ki, Qaret Beyl “Rel”da 2013-2022-ci illərdə çıxış edib, “qaymaqlılar”ın heyətində ümumilikdə 258 oyuna çıxıb, 106 qol vurub, 67 məhsuldar ötürmə verib. Beyl “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasını, 1 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Super Kubokunu, 5 dəfə Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 3 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: