Polşa millisinin və Moskva “Dinamo”sunun hücumameyilli yarımmüdafiəçisi Sebastian Şimanski “Fənərbaxça”ya transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. İstanbul təmsilçisi bu transferə görə Rusiya klubuna 9 milyon 750 min avro ödəyəcəyini açıqlayıb.
Sebastian Şimanski “Legiya” (Varşava) klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. Yarımmüdafiəçi 2019-cu ildən “Dinamo”da forma geyinirdi. Polşalı futbolçu Moskva təmsilçisində 86 oyun keçirib, 8 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsümü icarə əsasında Niderlandın “Feyenoord” klubunda icarədə keçirib. Yarımmüdafiəçi Rotterdam təmsilçisində də 40 oyuna 10 qol və 7 assist müəllifi olub. Şimanski Polşa millisində keçirdiyi 24 oyunda da 1 qolla kifayətlənib.
Xatırladaq ki, “Fənərbaxça” bu yay Edin Dzeko, Rayan Kent, Aleksandr Djiku və Umut Nayiri də transfer etmişdi.


