Elmir Tağıyev “Səbail”i “Kəpəz”ə dəyişdi – Rəsmi

“Səbail”in hücumameyilli yarımmüdafiəçisi Elmir Tağıyev Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Kəpəz”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu paytaxt klubundan 1 illik icarəyə götürülüb. O, 2024-cü ilin 30 iyununa qədər “Kəpəz”in uğurları üçün çalışacaq.

Elmir Tağıyev Tovuz futbol məktəbinin yetirməsidir. O, “Səbail”ə 2021-ci ilin avqust ayında “Turan Tovuz”dan transfer olunub. Yarımmüdafiəçi paytaxt klubunun əsas komandasında cəmi 46 oyun keçirib. O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Kəpəz” daha öncə “Qəbələ”dən Rüfət Əhmədovu da icarəyə götürmüşdü.

Gəncə klubu Vurğun Hüseynov, Zamiq Əliyev, Əli Səmədov və Ehtiram Şahverdiyevi də transfer edib.

Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev və Kamran İbrahimovla isə yeni müqavilə imzalanıb.

Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya da komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: