“Kəpəz”in Gürcüstandan olan sağ cinah yarımmüdafiəçisi Mate Kvirkviya Gəncə təmsilçisində qalmağa qərar verib.
Arena.az xəbər verir ki, 27 yaşlı vinger sözügedən klubun yeni müqavilə təklifini qəbul edib.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, klub rəhbərliyinin Kvirkviya ilə danışıqları uğurlu nəticələnib. Gürcü yarımmüdafiəçi yeni müqavilə təklifini müsbət dəyərləndirib. Beləliklə, Mate daha bir il “sarı-göylər”in şərəfini qoruyacaq.
Xatırladaq ki, Mate Kvirkviya “Kəpəz”ə 2022-ci ilin iyul ayında cəlb olunmuşdu. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 36 oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Kvirkviya karyerası ərzində “Samtrediya”, “Qaqra”, “Rustavi”, “Dila Qori”, “Vit Corciya”, “Torpedo” (Kutaisi), “Zestafoni”, “Dinamo” (Diflis) kimi klubların da formasını geyinib. O, Gürcüstanın U-19 və U-21 yığmalarında da oynayıb.
Xatırladaq ki, “Kəpəz” daha öncə Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev və Kamran İbrahimovla da yeni müqavilə imzalandığını açıqlamışdı. “Qəbələ”dən Rüfət Əhmədovu, “Səbail”dən Elmir Tağıyevi icarəyə götürmüş klub Vurğun Hüseynov, Zamiq Əliyev, Əli Səmədov və Ehtiram Şahverdiyevi də transfer edib. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandanı tərk ediblər.


