Vüsal İsgəndərli “Eqnatiya”da ermənilərlə matçda debüt etdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, onun yeni komandasındakı ilk matçı Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinə təsadüf edib.

Belə ki, “Eqnatiya” Ermənistanda yerli “Ararat”ın qonağı olub. Qarşılaşma Albaniya təmsilçisi üçün uğurlu başlamayıb. Belə ki, meydan sahibləri 36-cı dəqiqədə hesabı açıblar. Buna baxmayaraq ki, daha üstün oyun sərgiləyən “Eqnatiya” 90+7-ci dəqiqədə buraxılan qolun əvəzini çıxmağı bacarıb. Nəticədə bu oyun 1:1 hesabıyla yekunlaşıb.

Azərbaycanlı futbolçu bu matçın 59-cu dəqiqəsində meydana buraxılıb. Bu, cəmi bir həftə öncə Albaniya klubu ilə müqavilə bağlamış Vüsalın “Eqnatiya”da ilk rəsmi matçı olub. O, yarım saat ərzində qol vurmaq üçün çox çalışsa da, istəyinə çata bilməyib.

Xatırladaq ki, “Eqnatiya”ya “Sumqayıt”dan transfer olunmuş Vüsal İsgəndərli İrəvana öz istəyi ilə yollanıb. Klubunun bu matçlar üçün UEFA-ya sifariş etdiyi azərbaycanlı yarımmüdafiəçi Ermənistan təmsilçisinə qol vurmaq arzusunda olduğunu açıqlamışdı.

Bu komandalar arasındakı cavab matçı iyulun 20-də Albaniyada keçiriləcək.

“Eqnatiya” Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub.

Vüsal İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. 27 yaşlı futbolçu Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: