“Neftçi” Gürcüstan millisinin də üzvü olan müdafiəçisi Solomon Kvirkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Ağ-qaralar” 31 yaşlı gürcü futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar.
Xatırladaq ki, Solomon Kvirkveliya “Neftçi”yə 2022-ci ilin iyulunda transfer olunmuşdu. O, bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.
Kvirkveliya peşəkar karyerasına 2010-cu ildə Rusiyanın “Rubin” klubunda başlayıb. O, 2017-ci ilə qədər Kazan təmsilçisinin uğurları üçün çalışıb. Lakin gürcü futbolçu 2012 və 2013-cü illərdə “Nefteximik”ə, 2017-ci ildə isə Moskva “Lokomotiv”inə icarəyə verilib. Moskva klubu elə həmin il Kvirkveliyanın transfer hüquqlarını da alıb. Beləcə, futbolçu 2021-ci ilə qədər paytaxt təmsilçisinin uğurları üçün çalışıb. 2020/21 mövsümündə “Rotor”da icarədə oynayan futbolçu “Neftçi”dən əvvəlki son bir ildə Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib.
Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Super Kubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 49 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.
“Neftçi” daha öncə Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik və Voyislav Stankoviçlə də yollarını ayırmışdı. Emil Balayev və Filip Ozobiçi transfer edən paytaxt klubu İvan Brkiç və Emin Mahmudovla da yeni müqavilə bağlayıb. Turan Vəlizadə isə “Turan Tovuz”da icarədən qayıdıb.


