Elgiz Abbasov: “Kəpəz” ev oyunlarını Gəncədə keçirəcək”

“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündəki ev oyunlarını doğma meydanda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında məlumat verib.

O, Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimi zamanı “Gəncə klubu ev oyunlarını öz stadionunda keçirə biləcək?” sualını belə cavablandırıb:

“Bizim üçün əsas məsələ hər bir komandanın özünə aid stadionda, doğma azarkeşləri önündə oynamasıdır. Ötən ildən bu yana biz “Kəpəz” klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsi ilə bağlı həqiqətən də müəyyən fədakarlıqlar etdik. Çox rahat şəkildə kluba deyə bilərdik ki, siz burada futbol oynamayacaqsınız və bütün problemlər aradan qalxana qədər bu, belə davam edəcək. Ancaq mövcud imkanlar daxilində digər işlərin həyata keçirilməsini təmin etdik və komanda ev oyunlarını doğma stadionda keçirməyə başladı. Təəssüf ki, mövsümün gedişində də bununla, xüsusən də ot örtüyü ilə bağlı problemlərlə üzləşdik. Onsuz da əsas və yardımçı otaqların vəziyyəti qənaətbəxş deyildi, ot örtüyünün də vəziyyəti pisləşdi. Daha sonra komanda son beş turda ev oyunlarını öz meydanında keçirə bilmədi.

Bu mövsüm də əsas gündəmdə olan məsələlərdən biri budur. Biz klub rəhbərliyi ilə daim əlaqədəyik. Sevindirici hal budur ki, hazırda orada ot örtüyünün vəziyyəti yaxşıdır. Eyni zamanda, yardımçı meydançların inşası tamamlanıb və komanda orada məşq edə bilir. Ancaq otaqlarla bağlı təəssüf ki, eyni problemlər qalmaqdadır. Püşkatmadan bir neçə gün öncə bu məsələ biz tərəfdən müzakirə olunub.

Təəssüf hissi ilə qeyd edək ki, otaqların tam şəkildə hazır olmasını mövsümün startından bir ay sonraya planlaşdırırıq. Komanda ev oyunlarını stadion baxımından keçirməyə hazır olsa da, otaqlar baxımından hələ ki, tam hazır deyil. Ancaq keçənilki təcrübə nəzərə alınaraq “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsi mümkündür”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: