Futbol üzrə İsveçrə milli komandasının və “Bazel”in hücumçusu Zeki Amduni İngiltərənin “Börnli” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın yeni klubu məlumat yayıb.
“Börnli” bu transfer üçün “Bazel”ə 18,6 milyon avro ödəyib. 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
Zeki Amduni İsveçrədə “Etual”, “Lozanna Uşi”, “Lozanna Sport” klublarının da formasını geyinib. O, “Bazel”ə ötən ilin yayında “Lozanna Sport”dan icarə əsasında keçmişdi. Bu yay isə “Bazel” 4 milyon avro ödəməklə hücumçunun transfer hüquqlarını almışdı. O, bu komandada 52 oyuna 22 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Amduni İsveçrə milli komandasında da 5 oyuna çıxıb, 5 qol vurub.

“Börnli” “Vest Bromviç”in mərkəz müdafiəçisi Dara O’Şini də heyətinə qatıb. Klub bu transfer üçün 7,8 milyon avrosundan keçib. 24 yaşlı irland futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Vest Bromviç”in öz yetirməsi olan futbolçu bu klubun əsas komandasında 107 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, icarə əsasında “Ekseter Siti” və “Hereford”da da oynayıb. Müdafiəçi İrlandiya yığmasında da 19 oyun keçirib.

“Börnli”nin daha bir yeni transferi “Leyton Oriyent”dən heyətə cəlb etdiyi qapıçı Lourens Viqurudur. 29 yaşlı ingilis futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, azad agent kimi bu komandaya qoşulub. Viquru “Leyton Oriyent”də 152 oyuna çıxıb, 153 qol buraxıb. Onun hesabında 59 “quru” matç da var. Qolkiper “Suindon Taun”, “Hayd”, “Uoterford” kimi komandalarda da oynayıb.



