Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 24-cü turu çərçivəsində “Daequ” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası oyundan qələbə ilə ayrılıb – 1:0.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. O, 66-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Daejeon Hana Sitizen” 24 turdan sonra topladığı 33 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 21 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 5 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 30 matça çıxıb, 1 qola imza atıb.


