Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə Bakıda hazırlaşan “Kəpəz”in paytaxtdakı təlim-məşq toplanışı başa çatıb.
Arena.az xəbər verir ki, toplanış dövründə gündə iki dəfə məşq edən “sarı-göylər” fiziki və texniki-taktiki çalışmalara diqqət ayırıblar.
Komanda üzvləri iki günlük istirahətə buraxılıblar. Məşqlər iyulun 28-də Gəncədə bərpa olunacaq. İyulun 30-da Azər Məmmədovun yetirmələri klubun əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaqlar.
Xatırladaq ki, “Kəpəz” bu yay hazırlıq dönəmində dörd yoxlama oyunu keçirib. Gəncə təmsilçisi “Səbail” ilə “Zirə”yə eyni hesabla (1:2) məğlub olub, “Araz-Naxçıvan”la da heç-heçəyə razılaşıb – 1:1. Ötən gün baş tutan “Səbail”in əvəzedici komandası ilə oyun isə 4:2 hesablı qələbə ilə bitib.


