Bu ilin martında Ukraynanın “Dinamo” (Kiyev) klubundan azad agent kimi ayrılmış Məhəmməd Kadiri “Araz-Naxçıvan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Bir neçə gündür komandanın düşərgəsində olan qanalı futbolçu məşqçilər korpusu tərəfindən bəyənilib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandığı açıqlanıb.
Məhəmməd Kadiri karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına (“Austriya”, Vyana) transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal” (Tula) komandasında da çıxış edib. Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, bu komandada olarkən yenə “Arsenal”da, həmçinin Ukraynanın “Çernomorets”, Macarıstanın “Honved” klublarında icarədə çıxış edib.

“Araz-Naxçıvan” daha öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miço Kuzmanoviç və Numan Kurdiç kimi legionerləri də heyətinə qatmışdı. Yerli futolçulardan isə Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Zamiq Əliyev heyətə cəlb olunub. Abdulla Rzayev də “Sabah”dan icarəyə götürülüb. Naxçıvan klubu öz oyunçularından Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə də müqavilənin müddətini artırıb.


