Mahir Emreli həm qol, həm də assist müəllifi oldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 2-ci turu çərçivəsində “İstra 1961” klubu ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisi üçün uğurlu alınıb. Mahir də matça start heyətdə başlayıb. Hesabı 6-cı dəqiqədə Luka İvanuşeç açıb ki, ona məhsuldar ötürməni azərbaycanlı hücumçu verib. 57-ci dəqiqədə isə İvanuşeçin ötürməsindən sonra Mahir rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni 69-cu dəqiqədə fərqlənən Robert Lyubiçiç qoyub – 3:0.

Bu oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan Emreli 88-ci dəqiqədə əvəzlənib.

Son Xorvatiya çempionu olan “Dinamo” 2 turdan sonra 3 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 25 matça çıxıb və 6 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: