Ötən ayın sonlarında azad agent kimi “Kəpəz”lə 1 illik müqaviləyə imza atan müdafiəçi Bəxtiyar Həsənalızadə Gəncə klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 30 yaşlı futbolçunun karyerasını Türkiyədə davam etdirəcəyi diqqətə çatdırılıb. Azərbaycan millisinin müdafiəçisi ilə Gəncə təmsilçisi arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə ötən yay “Sabah”dan azad agent kimi ayrılmışdı. O, bir müddət aldığı təklifləri dəyərləndirdikdən sonra “Kəpəz”ə keçmişdi. 2021-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışan mərkəz müdafiəçisi paytaxt komandasında çıxış etdiyi müddətdə 58 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.
Bəxtiyar daha öncə “Sumqayıt” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 3 oyun keçirib.
Sonda onu da bildirək ki, Bəxtiyar Həsənalızadənin karyerasını Türkiyənin “Tuzlaspor” klubunda davam etdirməsi gözlənilir. TFF 1-ci Liqada mübarizə aparan bu klub yeni mövsümə avqustun 13-də “Çorum”a qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.
Maraqlıdır ki, bu yay “Zirə”dən ayrılan millimizin yarımmüdafiəçisi Coşqun Diniyev də “Səbail”lə müqavilə bağlamış, lakin cəmi 2 gün sonra bu klubdan ayrılaraq Türkiyəyə üz tutmuşdu. O da TFF 1-ci Liqa təmsilçisi “Ümraniyəspor”a keçib.


