“Neftçi” və “Sabah”dan UEFA reytinqinə yarım ballıq töhfə

“Neftçi” və “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində uğurlu çıxışı sayəsində Azərbaycana UEFA reytinqində xal qazandırıblar.

Arena.az xəbər verir ki, hər iki komandamız evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıblar.

“Neftçi” 8-ci km qəsəbə stadionunda Bosiya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabıyla məğlub edib. Səfərdəki oyunda da 2:2 hesablı heç-heçəyə nail olmuş təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanıb.

“Sabah” isə Masazırdakı “Bank Respublika Arena”da Latviyanın RFS komandasını 2:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi bu rəqibinə səfərdə də 2:0 hesabıyla qalib gəlmişdi.

Bununla Azərbaycanın cari mövsümdəki qazancı 1,500-ə çatıb. Avrokuboklardakı təmsilçilərimizdən “Qarabağ” reytinqə 0,625, “Sabah” 0,500, “Neftçi” isə 0,375 ballıq töhfə verib. Konfrans Liqasındakı digər təmsilçimiz, Kipr “Omoniya”sına hər iki oyunda uduzmuş “Qəbələ” isə ölkəmizin reytinq hesabına heç bir fayda gətirməyib.

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,125) izləyir.

Ötən gecə baş tutan qarşılaşmalar Xorvatiya, Polşa, Ermənistan, Latviya, Kosovo, Farer adaları, Lüksemburq, Gürcüstan, Andorra və Şimali Makedoniyanın irəliləməsinə şərait yaradıb. Yunanıstan, İsveç, İrlandiya, Finlandiya, Lixtenşteyn, Şimali İrlandiya, Malta, Estoniya və Monteneqronun isə geriləyiblər.

Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,400) özlərindən önə buraxıblar. Türkiyə isə 28,350 balla 12-ci sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: