Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi”nin 3-cü təsnifat mərhələsində “Beşiktaş”la oyunlarının yeri dəyişdirilib.
Arena.az xəbər verir ki, püşkə əsasən bu iki komanda arasındakı ilk qarşılaşma İstanbulda, cavab görüşü isə Bakıda keçirilməli idi.
Amma UEFA-nın yeni qərarına görə, ilk oyun Bakıda keçiriləcək. Buna avqustun 10-da İstanbulda “Fənərbaxça”nın da avrokubok oyununun olması səbəb göstərilib.
Beləliklə, “Neftçi” avqustun 10-da “Beşiktaş”ı öz meydanında qəbul edəcək. Türkiyə və Azərbaycan təmsilçiləri avqustun 17-də də İstanbulda üz-üzə gələcəklər. Həmin oyuna da eyni saatda start veriləcək.
Artıq oyunların hansı arenalarda keçiriləcəyi də məlumdur. Bakıdakı qarşılaşma ehtimal olunduğu kimi Bakı Olimpiya Stadionunda yox, elə 8-ci km stadionunda keçiriləcək. Yeri gəlmişkən, bu barədə klubun baş icraçı direktoru Fərrux Mahmudov “Facebook” səhifəsində maraqlı məlumat paylaşıb. O, sözügedən stadionun bundan sonra “Neftçi Arena” adlanacağını diqqətə çatdırıb:
“Azarkeşlərin istəyini nəzərə alaraq, “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda, yəni 8-ci km arenasında keçiriləcək.
Bir vacib məlumatı da diqqətinizə çatdırım. Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena”, nə də “8-ci km stadionu” adlanacaq. Stadionumuzun adı “Neftçi Arena” oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli, uğurlu olsun!”
Avqustun 17-də İstanbulda baş tutacaq səfər qarşılaşması isə “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafone Park”da keçiriləcək.
Türkiyə təmsilçisi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Tirana”sını, Azərbaycan təmsilçisi isə Bosniya və Herseqovina “Jelezniçar”ını mübarizədən kənarlaşdırıb.


