Martins Junior: “Bizi də hesabdan silmək olmaz”

Azərbaycan Premyer Liqasında ilk matçına hazırlaşan “Kəpəz”in futbolçusu Martins Junior klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, Braziliyadan olan sol cinah vingeri qarşıdakı mövsümə hazırlıqla bağlı bunları söyləyib:

“Ötən mövsüm bu komandanın heyətində çıxış etmişəm. İndi də kollektivdə yer almışam. Buna görə də xoşbəxtəm. Çempionata hazırlığımız yaxşı keçib. Oyunlar və azarkeşlərimiz üçün darıxmışıq.

Çempionatda güclü komandalar mübarizə aparır. “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı rəqiblər var. Digərləri də güclüdür. Amma bizi də hesabdan silmək olmaz. İlk oyunda “Neftçi” ilə qarşılaşacağıq. Doğma meydanda azarkeş amili üstünlüyümüzdür”.

Martins Junior yenidən Gəncədə çıxış edəcəklərini xatırladıb: “Burada oynamaq bizim üçün asan, rəqiblər üçün çətindir. Çünki oyunlarımıza bizi dəstəkləmək üçün çoxlu sayda azarkeş gəlir. Bu mövsüm də fanatlarımıza güvənərək meydana çıxacağıq”.

Xatırladaq ki, Martins “Kəpəz”ə bu ilin yanvarında keçib. Gəncə klubu ilə 2024-cü ilin 31 dekabrına kimi müqaviləsi olan 23 yaşlı vinger ötən mövsüm bu komandada 18 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Kəpəz” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünə “Neftçi”yə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. Bu komandalar arasındakı oyun avqustun 6-da Gəncə şəhər stadionunda baş tutacaq. Əzəli rəqiblərin görüşünə saat 17:00-da start veriləcək.

“Neftçi” ötən mövsüm Premyer Liqanı 3-cü pillədə başa vurmuşdu və hazırda Avropa Konfrans Liqasında da mübarizə aparır. “Kəpəz” isə 10 iştirakçı arasında 8-ci yeri tutmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: