“Neftçi” “Beşiktaş”la oyunda bunları qadağan etdi – Rəsmi

“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 10-da “Beşiktaş”ı qəbul edəcək.

Arena.az xəbər verir ki, paytaxt klubu Türkiyə nəhəngi ilə oyun ərəfəsində azarkeşlər üçün müəyyən məhdudiyyətlər tətbiq etməyə qərar verib.

Klub bununla bağlı rəsmi açıqlama yayıb:

“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində 10 avqust saat 21:00-da “Neftçi Arena”da qardaş Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq. Bununla əlaqədar həm ölkəmizdə olan, həm də qardaş ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan böyük marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”.

Sonda onu da qeyd edək ki, “Neftçi” – “Beşiktaş” matçının biletləri bu gün itikcet.az saytında satışa çıxarılacaq. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra İstanbulda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: