“Qarabağ” və “Sabah” bu gün avrokubok matçlarındakı uğurlu nəticələri sayəsində Azərbaycana UEFA reytinqində xal qazandırıblar.
Arena.az xəbər verir ki, sözügedən komandalar evdə keçirdikləri oyunda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıblar.
“Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşdığı Finlandiyanın HJK komandasını 2:1 hesabıyla məğlub edib.
“Sabah” isə Masazırdakı “Bank Respublika Arena”da Serbiyanın “Partizan” komandasına 2:0 hesabı ilə qalib gəlib.
Bu iki qələbə ölkəmizin reytinqini yarım bal (0,500) zənginləşdirib. Bununla Azərbaycanın cari mövsümdəki qazancı 2,000-yə çatıb. Avrokuboklardakı təmsilçilərimizdən “Qarabağ” reytinqə 0,875, “Sabah” 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib.
Yeri gəlmişkən, Konfrans Liqasındakı digər təmsilçimiz “Neftçi” bu gün Türkiyə nəhəngi “Beşiktaş”la ev oyunundan 1:3 hesablı məğlubiyyətlə ayrıldığı üçün ölkəmizin reytinq hesabına heç bir fayda gətirməyib.
Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,250-yə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,375) izləyir.
Bu gecə baş tutan qarşılaşmalar Türkiyə, Norveç, Yunanıstan, Macarıstan, Qazaxıstan və Şimali Makedoniyanın irəliləməsinə şərait yaradıb. Avstriya, İsveçrə, Ukrayna, Xorvatiya, Rusiya, Finlandiya, Kosovo, Lixtenşteyn, Andorra və Uels isə geriləyiblər.
Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (53,000) özlərindən önə buraxıblar. Türkiyə isə 29,350 balla 10-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


