Nicat Abbasov Dünya Kubokunda 1/8 finala qələbə ilə başladı

Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abbasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Nicat rəqib qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.

Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.

Beləliklə, 1/8 finalda ilk partiya Nicat Abbasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.

Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: