Maqnus Karlsen Bakıda psixoloji yorğunluqdan şikayətləndi

Şahmat üzrə 16-cı dünya çempionu, dünya reytinqinin hazırkı lideri, norveçli qrossmeyster Maqnus Karlsen narahatdır.

Arena.az xəbər verir ki, o, Bakıda keçirilən Dünya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda qələbə qazandıqdan sonra psixoloji yorğunluqdan şikayətlənib.

Xatırladaq ki, Karlsen ukraynalı Vasili İvançukla 1/4 finala vəsiqə uğrunda mübarizə aparır. Norveçli qrossmeyster ilk oyununu 43-cü gedişdə qələbə ilə başa vurub. Qarşıda Karlsen və İvançuku görüşün ikinci oyunu gözləyir. Ukraynalı qrossmeysterin qalib gələcəyi halda, şahmatçılar mübarizəni tay-brekdə davam etdirəcəklər.

“Mənim sinir sistemim son bir neçə gündə hələ tam bərpa olmayıb. Mən yenə bir az əsəbiləşirdim və hiss edirəm ki, mənə istirahət üçün gün lazımdır”, deyə Karlsen oyundan sonra müsahibəsində bildirib.

Maqnus Karlsen maraqlı açıqlaması ilə də diqqət çəkib: “Düzünü desəm, Dünya Kubokunun ilk günündən məni bir sual üzür: ümumiyyətlə, mənim burada nə işim var?”.

Xatırladaq ki, Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Azərbaycan şahmatçılarından mübarizəni yalnız Nicat Abbasov davam etdirir. O, 1/8 finalda qarşılaşdığı Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemə ağ fiqurlarla 54-cü gedişdə qalib gəlib.

Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: