Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ”, “Sabah” və “Neftçi” komandaları bu gün səfərə yollanıblar.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HJK ilə səfər oyunu üçün Finlandiyaya yola düşüb.
“Sabah”la “Neftçi” isə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərinin – “Partizan”la “Beşiktaş”ın qonağı olmaq üçün müvafiq olaraq Serbiya və Türkiyəyə üz tutublar. Komandalarımızın hamısı demək olar ki, eyni vaxtda – bu gün səhər saatlarında səfərə yollanıblar.
Bu gün axşam saatlarında komandaların baş məşqçilərinin iştirakı ilə mətbuat konfransları təşkil olunacaq. Ardından oyunların keçiriləcəyi arenalarda son məşqə çıxacaq təmsilçilərimiz sabah baş tutacaq matçların start saatını gözləməyə başlayacaqlar.
Xatırladaq ki, “Qarabağ” Finlandiyanın HJK komandasına Bakıdakı oyunda 2:1 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü sabah Helsinki şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
“Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.
“Sabah” ilə “Partizan” arasındakı ilk oyun avqustun 10-da Masazırda keçirilib və Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşmasına sabah Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.
“Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq.
“Neftçi” ilə “Beşiktaş” arasında Bakıda keçirilmiş ilk oyunda isə İstanbul təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Cavab görüşü isə sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Beşiktaş” – “Neftçi” cütünün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


